Dollara tələb niyə artıb?

28 Mart 2024, 12:42

“2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub. İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb”.

Heftelikaz-ın məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri haqqında məlumatında bildirilib.

Qeyd edilib ki, buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir: “2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1% artıb ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşib. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir”.