Rahib Əliyev vəfat etdi

28 Mart 2024, 17:48

Əməkdar artist Rahib Əliyev vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya mərhumun oğlu Rəşad Əliyev məlumat verib.

Onun sözlərinə görə, Rahib Əliyevin cənazəsi sabah günorta saat 12-də Qurd qapısı qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsinə daxil olan aktyor 1969-cu ildə oranı bitirib.

Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub və həmin tarixdən təqaüdə çıxana qədər bu teatrda çalışıb. Rahib Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb.

Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə Əməkdar artist fəxri adına, Prezident mükafatına layiq görülüb.

Aktyorun teatr fəaliyyəti ilə yanaşı kino karyerası da olub. O “Yol əhvalatı”, “Qətl günü”, “Köpək”, “Fəryad”, “Yaramaz”, “Güllələnmə təxirə salınır!..”, “Yoxlama” kimi filmlərdə müxtəlif rollarda oynayıb.

Allah rəhmət eləsin!