Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin mart ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Ucar rayonunda Ucar, Zərdab, Göyçay və Kürdəmir sakinləri üçün vətəndaş qəbulu keçirib.

Heftelik.az-ın məlumatına görə, qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.