Bərdə rayonunda hüquqi problemi olan həssas qruplardan olan vətəndaşlara hüquqi konsultasiya xidməti göstərilib.

Heftelik.az-ın məlumatına görə, öncə iştirakçılara təşəbbüsün məqsədi, həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlə bağlı məlumat verilib.

Daha sonra vətəndaşlar ümumi və fərdi şəkildə qəbul edilib onların sualları cavablandırılıb. Müraciətlər əsasən Müharibə veteranlarına verilən sosial müavinətin “Müharibə veteranı” adı verildikdən əvvəlki 3 il üzrə ödənilməməsi, dayandırılan əlillik müavinətinin bərpası ilə bağlı olub. Görüş zamanı 7 nəfərə hüquqi konsultasiya xidməti göstərilib. Onlardan 5 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Hazırda məhkəmədə araşdırılma mərhələsində olan bir nəfərin sualları cavablandırılıb.

Qeyd edək ki, bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Təşəbbüsün əsas hədəf qrupu işsizlər, iş axtaranlar, əlilliyi olan şəxslər, sosial müdafiəyə ehtiyacı olanlar, məişət zorakılığından əziyyət çəkənlər, övladını təkbaşına böyüdən qadınlar, hüquqi yardıma ehtiyacı olan digər aztəminatlı şəxslərdir. Təşəbbüs çərçivəsində Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarında aztəminatlı  şəxslərə hüquqi konsultasiya xidməti göstərilməsi nəzərdə tutulur. Bundan əlavə, bütün ölkə ərazisindən onlayn müraciət edən aztəminatlı şəxslər “qaynar xətt” xidməti, “Facebook”, “Instagram” və “WhatsApp” vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala biləcəklər. Təşəbbüs çərçivəsində, həmçinin onlayn media resursları və yuxarıda qeyd edilən sosial media səhifələri vasitəsilə hüquqi maarifləndirmə xarakterli məlumatlar paylaşılacaq. Təşəbbüsün icra müddətində hədəf qrupu tərəfindən ən çox müraciət edilən hüquqi problemlərin həlli ilə bağlı hüquqşünasın izahatı olan 10 video çəkilərək təşkilatın “Youtube” səhifəsi vasitəsi ilə paylaşılacaq. Artıq həmin verilişlər çəkilib və “Pulsuz Hüquqi Yardım” adlı “Youtube” səhifəsinə yerləşdirilib.

Təşəbbüsün sonuncu mərhələsində Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarından olan həssas qrupların nümayəndələri sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin qurulması və idarə olunmasına dair təlimə cəlb olunacaqlar. İşsiz və işaxtaran şəxslər üçün təşkil ediləcək özünüməşğulluq və biznes fəaliyyətlərinin qurulmasına dair təlim zamanı iştirakçılara sahibkarlıq subyekti kimi onlayn qeydiyyat, kredit alınması üçün onlayn müraciət və biznes-plan hazırlanması bacarıqları öyrədiləcək. Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə biznes-plan hazırlanmasında kömək ediləcək.

Qeyd edək ki, Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinə məxsus  “Həssas qrupdan olan region sakinlərinin hüquqi müdafiəsi və onların məşğulluğuna dəstək” təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Vahidoğlu konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilir.