“Dünyada son dövrlər təhlükəsizlik bir nömrəli məsələyə çevrilib. 11 sentyabr hadisələri dövründə Corc Buşun bir çıxışı var idi ki, ABŞ birinci yerə vətəndaşın təhlükəsizlik məsələlərini çıxarır, media azadlığı, söz azadlığı və digər bu kimi məsələlərdən geri çəkilir”.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bir ölkə öz vətəndaşının təhlükəsizlik məsələsini təmin edə bilmirsə, onun digər hansı hüququnu təmin edə bilməz: “44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazisində sosial xarakterli fövqəladə vəziyyət yaratmağa cəhd göstərsələr də, hüquq-mühafizə orqanları Prezidentin rəhbərliyi ilə bunun qarşısını aldı. İkincisi, Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar. Bunun da qarşısı alındı. Bu onun göstəricisidir ki, dünyanın mötəbər tədbirləri Azərbaycanda keçirilir. COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə olan demokratiyanın, söz, mətbuat azadlığının göstəricisidir. Bunu gözü götürməyən qüvvələr isə çoxdur. Hətta bəzi partiya sədrləri, blogerlər var, deyirlər ki, dünyanın müxtəlif yerlərində, Rusiyadakı hadisələr kaş Azərbaycanda baş verəydi. Onlar vətəndaşları düşünmür, öz mənafelərini güdürlər”.
Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycanda terror aktının törədilməsinə icazə verilmədi: “Hesab edirəm ki, terrorun əsas mənbəyi maliyyə, çirkli pullardır. Buna görə də Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır. İstər mətbuat, siyasi partiya, QHT, istərsə də hərbçilər olsun, əgər kimsə mənbəyi məlum olmayan vəsait alırsa, bunun qarşısı dərhal alınıb, mənbəyi araşdırılmalıdır. Çünki o maliyyə ölkədə hər hansı addımların atılmasına istifadə olunacaq. Heç kim havadan pul vermir, verilən pulların sifarişi də var”.