Pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə aparılır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır, əksinə, pensiya yaşının yüksəldilməsi müzakirə edilir: “Çünki uzun ömür artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-cı ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur”.