29 mart 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətində 31 mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilb. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalıb, onlara qəsdən fiziki qüsurlar yetirilib. Yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə də erməni millətçiləri əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edib.
Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Tədbirdə rayon ziyalısı Hakim Nəcəfov, Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Boyat kənd tam orta məktəbin tarix müəllimi Aynur Yusifova, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev mövzu ətrafında çıxış ediblər.