Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarından biri də 1918-ci ilin yazında Qubada baş verib. Quba qəzası 1918-ci ilin qanlı mart hadisələrindən sonra bolşevik-daşnak qüvvələrinin Bakı və Şamaxı qəzalarında qurduqları hakimiyyəti genişləndirmək istədikləri üçüncü region idi. Bakı Kommunasının rəhbəri S.Şaumyan bolşevik hökuməti qurmaq adı altında Azərbaycanın bölgələrində, o cümlədən Qubada etnik təmizləmə həyata keçirməyi qərara almışdı. O, Şahdağdan Xəzərədək olan bölgəni erməniləşdirmək fikrində idi. Lakin bölgənin cəsur əhalisi Şaumyanı narahat edirdi və o, çirkin niyyətinə ehtiyatla başlayır.
Bakı Xalq Komissarları Soveti bu qəzanı əvvəlcə sülh yolu ilə almağa, yəni, qubalılara bolşeviklərin hakimiyyətini könüllü olaraq qəbul etdirməyə qərar verir. Quba ictimaiyyəti ilə danışıqlar aparmaq D.Gelovaniyə tapşırılır. İki yüz nəfərə yaxın silahlı dəstə Qubaya gəlib özünü qəza komissarı elan edən D.Gelovani əhaliyə sovet hakimiyyətini tanımağı təklif edir. Qubalılar bu tələbə əməl edir və Gelovani şəhərdə bolşevik idarəçiliyi qurur. Bir neçə günlük sakitlikdən sonra ətraf kəndlərdən, xüsusən də ləzgilərdən ibarət silahlı dəstələr şəhərə daxil olur. Onlar Gelovanidən öz dəstəsi ilə şəhəri tərk etməyi tələb edir. Gelovani onların tələbini rədd edir. Ona kömək üçün Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi ermənilərdən ibarət 150 nəfərlik dəstə gəlir. Bir neçə gün davam edən döyüşdən sonra Gelovani dəstəsi ilə birlikdə Qubadan qovulur. Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırır, Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında isə 35 nəfəri qətlə yetirir.
1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Hamazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Bu hadisədən bir müddət sonra Quba şəhər polis idarəsinin rəisi öz raportunda belə yazacaq: “… Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar…”
Mart faciələrinin baş verdiyi günlərdən bizi 100 illik zaman kəsiyi ayırsa da, vaxtilə o hadisələrin canlı şahidi olmuş insanların dedikləri nəsildən-nəslə hələ də ötürülməkdədir. Təkcə 2007-ci ilin aprelində Quba şəhərində aşkarlanan soyqırımı məzarlığı 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdikləri qətliamların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirən dərin faktlardır. 100 il bundan əvvəl Qubada baş verən qırğınlar haqqında qubalılar çox məlumatlıdırlar. O faciəli günlərin acı xatirələri yaddaşlardan hələ də silinməyib. Əksinə, getdikcə daha da dərindən öyrənilir, hər bir azərbaycanlı o dəhşətli faciələrdən xəbərdar olmağa çalışır.
Ləman Talıbova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti