Qazaxın Qızıl Hacılı kəndi bu gün 100 faiz Azərbaycanın nəzarətindədir.

Heftelik.az-ın məlumatına görə,  Ermənistan Baş naziri Nikol Paşinyan bunu Artaşat şəhərində partiyadaşları ilə görüşdə bəyan edib.

Nikol Paşinyan Ermənistan hökumətinin Qazaxın 4 kəndinə (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) heç vaxt hər hansı iddiasının olmadığını da vurğulayıb: “Siyasi mövqeyimiz belədir ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən Azərbaycanın bəhs etdiyi bu kəndlərə iddiamız yoxdur”.

Qeyd edək ki, bundan əvvəl martın 19-da Nikol Paşinyan Ermənistanın Tavuş rayonu ilə sərhəd yerləşən və əvvəllər azərbaycanlıların yaşadığı 4  kəndin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılmalı olduğunu bildirib. Bunu erməni jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində yazıb.  Voskan Sarkisyan Nikol Paşinyanın bunu Tavuşda yerli sakinlərlə görüşdə söylədiyini qeyd edib. Jurnalist yazıb ki, Nikol Paşinyan əks halda Azərbaycanın bu kəndləri hərbi yolla geri qaytarmaq barədə qərar verə biləcəyini, bu halda da Türkiyənin yenə Azərbaycana dəstək verəcəyini vurğulayıb.

Xatırladaq ki, Ermənistanın işğalı altında olan Qazax rayonunun Yuxarı Əksipara, Balxudarlı, Sofulu kəndləri və Sədərək rayonunun Kərki kəndləri anklavlardır. Qazax  rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri isə sərhəddə yerləşir. Buna görə də ilkin mərhələdə məhz sərhəddə yerləşən 4 kəndin azad olunması zəruri sayılır. Martın 9-da Baş nazirin müavini Şahin Mustafayev də bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi  (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Qeyd edilib ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.