Bərdədə fərdi yaşayış evində yanğın olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

2019-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə rayon xəstəxanasında dünyasını dəyişib.

Tüstüdən zəhərləndiyi bildirilən 1975-ci il təvəllüdlü İlyasova Zümrüd Xasay qızının müalicəsi Bərdə rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.