Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15-i uşaq olmaqla ümumilikdə 50 sakin təxliyə edilib.

Binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub. Yanğın nəticəsində yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə girişdə qoyulan məhdudiyyət aradan qaldırılıb.