Millətin iradəsi seçki qutusunda təzahür edir, seçki qutusu ilə siyasətçilərə mesajını çatdırır.
Heftelik.az-ın məlumatına görə, bunu bələdiyyə seçkilərin nəticələri ilə bağlı Ankarada çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan deyib ki, nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi bizim demokratiyamız və milli iradəmizdir: “Türkiyədəki bələdiyyə seçkiləri demokratiyanın təzahürüdür. Seçki qutusunun gücünü gücləndirən hər kəs qalib gəlib. Təəssüf ki, seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni əldə edə bilmədik. Son 2 ayda 52 fərqli şəhərdə oldum, xalqımla bütünləşdim. Nəticə budur, baş verən hər şeydə bir xeyir var”.
Türkiyə Prezidenti qeyd edib ki, millətin seçki qutusunun qarşısında verdiyi mesajları ən doğru və obyektiv şəkildə ağıl və vicdan tərəzisində ölçüb-biçərək lazımi addımları mütləq atacağıq: “Millətin və ölkənin vaxtını itirəcək müzakirələrə zamanı yoxdur. Millətimizin qərarına hörmətsizlik etməyəcəyik, millətlə inadkarlıq etməkdən, milli iradəyə zidd hərəkət etməkdən, millətin təqdirini şübhə altına almaqdan uzaq olacağıq”.
Qeyd edək ki, artıq Türkiyədə keçirilən bələdiyyə seçkilərində verilən səslərin 99 faizindən çoxu hesablanıb. Böyükşəhər bələdiyyələrindən 14-də CHP, 12-də AKP, 3-də DEM Partiya, 1-də isə Yenidən Rifah partiyası irəlidədir. Ölkə üzrə lider Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71% səs toplayıb.
Hakim Ədalət və İnkişaf Partiyası isə 35,53% səslə ikinci sıradadır.
Səslərin 6,38%-ni Yeniden Refah, 5,65%-ni DEM Partiyası, 4,98%-ni isə MHP toplayıb.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29% səslə birinci, AK Partidən olan Turqut Altınok isə 31,74% səslə ikinci yerdədir.
İstanbulda CHP-dən Əkrəm İmamoğlu 51,05% səslə birinci, AK Partidən Murat Kurum 39,60%-lə ikincidir.
İzmirdə CHP 48,88%, AKP isə 37,11 faiz səs toplayıb.