Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən layihələr sayəsində ölkəmizdə psixi sağlamlıq sistemindəki çatışmazlıqların dəqiq və aydın mənzərəsinin əldə edilməsinə imkan yaranıb.

Heftelik.az-ın məlumatına görə,  bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

Ombudsman hesab edir ki, toplanmış məlumatlar əsasında Psixi Sağlamlıq Sahəsində Milli Strategiyaya da yenidən baxılması məqsədəmüvafiq olardı: “Həyata keçirilən monitorinqlər, psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan fərdi söhbətlər və araşdırmalar onu göstərir ki, bu kateqoriyadan olan pasiyentlər müəssisədə olduqları müddətdə dövlət hesabına dərman preparatları ilə təmin edilsələr də, evə yazıldıqdan sonra bəzi hallarda onlara müvafiq preparatların pulsuz verilməsi dayandırılır. Həmin preparatlar psixotrop xarakter daşıdığından və kifayət qədər maddi vəsait tələb etdiyindən pasiyentlər ya həmin dərmanları sonradan ala bilmir, ya da yalnız bir qismini əldə edə bilir. Nəticədə müalicə sona çatdırılmır. Bu baxımdan, Vətən Müharibəsi iştirakçısı olmuş, müvafiq psixiatriya müəssisələrində qeydiyyatda olan, əlilliyi olmayan, müalicə alan pasiyentlərin psixiatriya müəssisələrini tərk etdikdən sonra da dövlət hesabına müvafiq dərmanlarla təmin edilməsinə ehtiyac olduğu vurğulanmalıdır”.

Səbinə Əliyeva, həmçinin deyib ki, bununla yanaşı psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan görüşlər, habelə Ombudsmana edilən müraciətlərin və mediada dərc olunan məlumatların təhlili həmin şəxslərin bir qisminin əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşdiyini də göstərir:

“Müəssisələrdə sıxlıq problemi başçəkmələr zamanı aşkar etdiyimiz problemlər sırasındandır. Belə ki, günü-gündən əhalisinin sayı artan paytaxt Bakı şəhərində yalnız bir psixiatriya xəstəxanasının mövcudluğu, habelə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının paytaxtla yanaşı respublikanın digər bölgələrindən də xəstələri qəbul etməsi həmin xəstəxanalarda sıxlığa səbəb olur.

Aparılan təhlillər onu göstərir ki, həm paytaxtda, həm də bölgələrdə ixtisaslaşmış psixiatriya xidməti göstərə biləcək kadrların çatışmazlığı problemi də mövcuddur. Xüsusilə dövlət xəstəxanalarında əməkhaqqının aşağı olması səbəbindən psixiatr azlığı müşahidə olunmaqdadır. Məsələnin ciddiliyini göstərən digər məqam isə Tibb Universitetini bitirən şəxslərin peşə seçimində psixiatr ixtisasına o qədər də maraq göstərməməsidir. Qeyd edilən problem həm psixiatriya müəssisələri, həm də narkoloji müəssisələr üçün aktualdır.

Yeri gəlmişkən, konkret sahə üzrə ixtisaslaşmış psixiatrlarla yanaşı, hərbi, uşaq psixiatrlarına da ehtiyacın olduğunu vurğulamaq lazımdır.

Müşahidə və araşdırmalar göstərir ki, psixiatriya xəstəxanalarında bir qayda olaraq, farmakoterapiya ilə məhdudlaşan müalicə tətbiq edilir. Xarici ölkələrin müsbət təcrübəsi və müasir yanaşmalar nəzərə alınmaqla izolyasiya təcrübəsindən tədricən imtina edilməsi, icma əsaslı xəstəxanaların, müalicə-istehsal sahələrinin yaradılması, əmək reabilitasiyası təcrübəsinin tətbiqi tərəfimizdən tövsiyə olunur.

Təəssüf ki, bir sıra psixiatriya xəstəxanalarında, xüsusilə regionlarda yerləşən müəssisələrdə maddi-texniki baza və şəraitlə bağlı nöqsanlar mövcuddur ki, onların aradan qaldırılması məqsədi ilə tərəfimizdən müvafiq təklif və tövsiyələrlə Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edilib”.