Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin mart ayı ərzində Bakı şəhəri üzrə 1, respublikanın digər şəhər və rayonlarında isə14 aptek olmaqla, ümumilikdə 15 aptekdə yoxlama aparılıb.
Mərkəzdən Heftelik.az-a verilən məlumata görə, yoxlamalar zamanı 3 aptekdə nöqsan aşkarlanıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.10, 452.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 221.10-cu maddəsinə – dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə – apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə tətbiq olunur.
İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə – aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.