Mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm.
Heftelik.az-ın məlumatına görə, bunu bu gün AFFA-nın yeni prezidenti seçilən Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırarkən deyib.
Rövşən Nəcəf bildirib ki, futbol böyük ailədir: “Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan insan kimi futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Buna bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacağam. Amma İK-dəki, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Qeyd edək ki, AFFA-nın bundan öncə prezidenti Rövnəq Abdullayev olub. Rövnəq Abdullayev bu gün vida çıxışında “Kral öldü”, yaşasın yeni kral” ifadəsini işlədərək diqqətləri üzərinə çəkib: Haqqınızı halal edin. Hər şeyə görə, təşəkkür edirəm. AFFA kollektivinə, futbol ailəsinə minnətdarlıq bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı. Şükür Allaha, bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox. “Kral öldü”, yaşasın yeni kral”.
Rövnəq Abdullayev məsələni “kral” müstəvisində şərh etməyə çalışmaqla nə demək istəməsi maraq doğurub…
Qeyd edək ki, AFFA-nın rəhbəri seçilən Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidentidir. Rövşən Nəcəfdən öncə SOCAR-ın prezidenti də Rövnəq Abdullayev olub…