Cinayət prosesini həyata keçirən orqan şəxsə peşə və kommersiya sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan dindirmə və ya digər istintaq hərəkəti protokolunda bunun qadağan edilməsi barədə qeydlər etməyibsə, dövlət qulluqçusu və ya hər hansı mülkiyyət formasına malik müəssisə və ya təşkilatın işçisi ona etibar edilmiş peşə və kommersiya sirrini təşkil edən məlumatlara dair ifadə verməsi barədə dərhal müvafiq orqanın, müəssisə və təşkilatın rəhbərinə yazılı məlumat verməlidir. Peşə və ya kommersiya sirrini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq olunmalıdır.