Hansı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunduğu açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Aşağıdakı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur:
– yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması;
– tutulmuş və ya həbs edilmiş şəxsdən başqa, şəxsin iradəsinə zidd olaraq onun şəxsi müayinəsi;
– əmlak üzərinə həbs qoyulması;
– poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyulması;
– telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi;
– maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;
– meyitin qəbirdən çıxarılması (ekshumasiya).
– cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması.