Xaricdə təhsil bütün dünyada populyardır. Dünyanın hər yerindən öz ali məktəblərinə əcnəbi tələbələri qəbul edən Azərbaycan da istisna deyil. Azərbaycan Respublikasının ali məktəbləri artıq uzun müddətdir ki, başqa dövlətlərin vətəndaşlarına açıqdır. Ölkəmizdə bəzi əcnəbi tələbələr dövlətlərarası müqavilə əsasında dövlət proqramı üzrə təhsil alır. Lakin tələbələrin əksəriyyəti ali məktəblə sərbəst şəkildə razılaşma imzalayaraq ödənişli əsaslarla təhsil alır. Azərbaycanla qonşu ölkələrin vətəndaşlarından əlavə ölkəmizdə Hindistan, ABŞ, ÇXR, Cənubi Koreya, Yaponiya, Konqo həmçinin Avropa ölkələrindən tələbələr təhsil alır. Hal-hazırda ölkəmizdə 60 ixtisas üzrə bakalavr və magistr pilləsində təxminən əlli ölkənin vətəndaşı təhsil alır. Bu tələbələr aspirantura və doktoranturaya da qəbul oluna bilər.
Aprel ayının 3-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasına ilk rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Sonra hər iki dövlətin rəhbərlərinin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirilib.
Azərbaycan təhsil sahəsində də Konqo Respublikası ilə əməkdaşlıq edir. Konqo ilə əməkdaşlıq üçün çox gözəl perspektivlər mövcuddur, bu baxımdan gələcək aylar ərzində hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.
Həmçinin Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilib.
Hazırda Azərbaycanda yaşayan miqrantların önəmli bir qismini respublikanın ali təhsil müəssisələrində oxuyan və çalışan əcnəbilər təşkil edir. Əcnəbi tələbələrlə yanaşı, ali təhsil müəssisələrində çalışan əcnəbi və vətəndaşlığı olmayan professor və müəllim heyəti üçün də bütün zəruri imkanlar təmin olunub. 2023-cü ildə professor və müəllim heyəti üçün 500-ə yaxın yaşama icazəsi rəsmiləşdirilib. Son illərdə xarici vətəndaşlar üçün təhsil müəssisələrinə müraciət və yaşayış icazələrinin alınması üçün xeyli iş görülüb.
Azərbaycanda əcnəbilərin təhsili ilə bağlı bütün işlərlə ali məktəbin beynəlxalq əlaqələr üzrə şöbəsi məşğul olur.
Gülzar Cavadzadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti