Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib.

Heftelik.az-ın məlumatına görə,  bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, onların 70-87 arası yaşları var, xəstə, əldən düşmüş, qocalıqdan belləri bükülmüş, bir çoxları yatağa məhkum olmuş şəhid ata və analardır: “Ağrılı cəhət budur ki, bu şəxslər dünyasını dəyişəndən sonra ailə ev almaq və şəhid statusu hüququnu itirir. Sosial Təminat Agentliyi nəyi gözləyir? Axı onların evlə təminatına bütün maliyyə imkanları da var. Yenə bu günlərdə İmişli rayonundan bir şəhid anasının videosu yayılıb və qoy zəhmət çəkib onun altında yazılan minlərlə şərhləri oxuyub məsuliyyət hiss etsinlər, həm də görsünlər ki, yarıtmaz fəaliyyətləri nəticəsində dövlətin hansı şəxsləri söyülür və təhqir edilir. Bütün Azərbaycan boyu yaşı 60-dan ötmüş şəhid ata və anaları təxirə salınmadan evlə təmin olunmalıdır. Cavan yaşlar gözləyə bilər, amma onların həyatı bitib, heç olmasa son günlərini normal vəziyyətdə yaşasınlar. Həm də dünyalarını dəyişəndə narazı və gözləri açıq getməsinlər. Vallah onların ah-naləsindən ziyan çəkənlərdən olarıq. Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət onlar qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir”.