Hər istəyən şəxs ölkəyə siqareti və arağı idxal etməli deyil.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
Samirə Musayeva da qeyd edib ki, yerli istehsal sahələri var, məqsəd ixrac potensialına xidmət edən müəssisələrin qurulmasıdır: “Ucuz, köhnəlmiş avadanlıqla istehsala görə problemlər var. Qanun layihəsindəki tələblər bunların aradan qaldırılması üçündür. Ölkəyə çoxsaylı müxtəlif növ siqaretlərin idxalı olmamalıdır. Dövlətin bu sahədə nəzarəti olmalıdır. Hər əlinə maliyyə keçən sadəcə, ticarət məqsədləri üçün bazara rəqabət yaratmayan məhsullar gətirir. Hər istəyən şəxs ölkəyə siqareti və arağı idxal etməli deyil. Bu, dünyada da belədir. Bu, tənzimlənməlidir”.
Samirə Musayeva qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tələbinə əsasən, aksizli mallarda aksizin dərəcəsi onun pərakəndə satış qiymətinin 75%-nə çatmalıdır: “Bu məhsullar hər kəs üçün əlçatan olmamalıdır. Bu, insanların sağlamlığı üçün ÜST-ün tələbidir. Hazırda bu göstərici Azərbaycanda pərakəndə satış qiymətinin 3%-i həcmindədir. Beynəlxalq təcrübə onu göstərir ki, bu məhsullar üzərində vergilərin artırılması əhalinin sağlamlığının artırılmasına yönəlir”.