Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye ( bitum) dağılması barədə məlumat daxil olub.

Heftelik.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

TƏBİB-in yaydığı məlumatda bildirilib ki, aprelin 6-da saat 13:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Heydər Əliyev prospekti, Koroğlu metrosu yaxınlığında iri tonnajlı yük avtomobilinin aşması səbəbilə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Qəzada xəsarət alan 56 yaşlı şəxs (kişi cinsli) müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İlkin zəruri tibbi yardımlar göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunması nəzərdə tutulub.