Aprelin 7-də saat 01 radələrində Yevlax rayon sakini Musa Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yevlax rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, araşdırma zamanı 1996-cı il təvəllüdlü Şəhliyar Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Yevlaxdakı qətlin bəzi təfərrüatları məlum olub. Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, rayonun Əkşəm kənd sakini, 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlu tanışları ilə birgə Mingəçevir şəhərində yerləşən çayxanaların birində olan zaman 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu ilə mübahisələri düşüb.
Daha sonra M.Orucov Əkşəm kəndinə, yaşadığı evə qayıdıb.
Ş.Bayramlı və daha 4 nəfər onunla birgə M.Orucovun yaşadığı evin önünə gedib və onlardan biri M.Orucovu çölə çağırıb. Bu zaman Ş.Bayramlı Mingəçevirdə yaşanan mübahsə zamanı onun ünvanına söyüş söydüyünü deyərək M.Orucova 1 bıçaq xəsarəti yetirib. Ürək nahiyəsindən ağır xəsarət alan M.Orucov xəstəxanaya aparlan zaman yolda dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Ş.Bayramlı isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.