Prezident İlham Əliyev: “Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur”
Beynəlxalq münasibətlər beynəlxalq cəmiyyətin hərəkətverici qüvvələri arasında bütün əlaqələri və qarşılıqlı təsir göstərən amilləri əhatə edir, onların təsiri vahid ölkənin hüdudlarından kənara çıxır. Müasir diplomatik münasibətlər tez-tez, sürətlə inkişaf edir. Bunun da müxtəlif aspektləri, milli və beynəlxalq dəyişənləri var. Bu gün Azərbaycanla Konqo Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli münasibətlər inkişaf mərhələsindədir. Lakin iki ölkə arasında mövcud olan ikitərəfli əlaqələrdən asılı olaraq zaman keçdikcə beynəlxalq birliyə digər fəal tərəfləri, məsələn, regional və ya qlobal əməkdaşlıq mümkündür. Aprelin 4-də Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə Prezident İlham Əliyevin təkbətək və geniş tərkibdə görüşlərində aparılan müzakirələr iki dövlət arasında siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan perspektiv əməkdaşlığa mühüm faydası olacaq. Bunu Azərbaycan və Konqonun Prezidentləri görüşlərində xüsusi olaraq qeyd ediblər. Bu o deməkdir ki, hər iki dövlət siyasi əlaqələrin daha da möhkəmlənməsini istəyir. Ümumiyyətlə, aparılan müzakirələrdə həm Azərbaycanın, həm də Konqonun vahid mövqeyi müxtəlif sahələrdəki əməkdaşlıq imkanlarından istifadə etmək və əlaqələri gücləndirməkdir.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonin Azərbaycana bu səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb və razılaşmalar əldə edilib. Xüsusən Prezident İlham Əliyev və Prezidenti Deni Sassu-Nqessoun imzaladıqları “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki dövlətin siyasi, iqtisadi və başqa sahələr üzrə əməkdaşlığının təməli hesab olunur. Bundan əlavə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb. Bu sənədləri isə Azərbaycan tərəfindən Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imza atıblar. Bütün bunların icrası nəticəsində siyasi, iqtisadi, energetika və kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıqda müsbət dinamika özünü göstərəcək. Çünki Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bundan sonra Konqo ilə əlaqələrin uğurla inkişaf edəcəyinə heç kimdə şübhənin olmadığını vurğulayıb: “Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir”.
Beynəlxalq münasibətlər mütəşəkkil və idarə olunan insan cəmiyyətlərinin meydana çıxması ilə formalaşır. Beynəlxalq cəmiyyətin birliyini, eyni zamanda onun ziddiyyətlərini önə çıxaran müxtəlif formalarda olmuşdur. Beynəlxalq münasibətlər sahəsi xüsusilə müstəmləkəçiliyin aradan qaldırılması və məlumatlılığın yayılmasından sonra beynəlxalq səviyyədə bütün nüfuzlu qüvvələri əhatə etməklə genişlənib. Konqo Respublikası da 1960-cı ildə Fransanın müstəmləkəçiliyindən azad olunduqdan sonra beynəlxalq münasibətlərini müstəqil ölkə olaraq qurmağa başlayıb. Cənab Prezidentin qeyd etdiyi kimi Konqo ilə strateji əməkdaşlıq üçün çox gözəl zəmin var: “Rəsmi səfər ərəfəsində səfəri yaxşı hazırlamaq və yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var”. Dövlətlər hiss edirlər ki, insan taleyinin birliyi müxtəlif sahələrdə beynəlxalq həmrəylik tələb edir. Çox müsbət haldır ki, Konqo Respublikası Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasətinin də dəstəkləyir.
Azərbaycan beynəlxalq aləmdə sülhün stabilliyin təmin edilməsi istiqamətində aktiv işlər aparır. Digər dövlətlər də şübhəsiz, bundan məlumatlıdırlar. Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi beynəlxalq aləmin diqqətindədir. Sevindirici haldır ki, Qoşulmama Hərəkatının üzvləri, həmçinin Konqo Azərbaycanın hərəkatda bir il də sədr olmasını istəyiblər. Azərbaycan dünyanın bütün ölkələri, o cümlədən Konqo Respublikası ilə uyğun sahələrdə əməkdaşlıq etməyə hazırdır.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi