Prezident İlham Əliyev: “Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır”

Son illər Azərbaycanla əlaqə qurmaq istəyən dövlətlərin sayı artmaqdadır. Bu, ondan irəli gəlir ki, Azərbaycanın dövlət quruculuğu və iqtisadiyyatının modernləşməsi başqa ölkələrin diqqətindədir. Bu baxımdan Konqo Respublikası da Azərbaycanla əməkdaşlığa maraq göstərir. Konqo Respublikası Afrikanın tanınmış və inkişaf etməkdən olan  dövlətlərindən hesab edilir. Azərbaycanla-Konqo arasındakı münasibətlər inkişaf etmək üzrədir. Bu günlərdə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafında əhəmiyyətli rolu olacaq. Bunu Prezident İlham Əliyev 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında da qeyd edib: “Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək”. Həmin gün imzalanmış Azərbaycan-Konqo sənədləri gələcək əməkdaşlıq üçün bir sıra geniş imkanlar açacaq. Belə ki, perspektivdə Azərbaycan şirkətlərinin Konqo şirkətlərinə sərmayə qoyulması, neft-qaz yataqlarının istismarında Azərbaycan təcrübəsindən istifadə olunması gözlənilir. Eyni zamanda konqolu gənclərin Azərbaycan universitetlərində təhsil alması və digər sahələrlə əməkdaşlıq nəzərdə tutulub. Yeri gəlmişkən, dövlətimizin başçısı bəyanatında təhsillə bağlı xatıraltama da edib: “Vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar. Bu cür ənənənin bərpa olunması üçün müvafiq göstərişlər verildi”.

Xatırladaq ki, ötən ilin fervarlında Konqo Respublikası Azərbaycanda səfirliyini açıb. Bu da ondan xəbər verir ki, Konqo Respublikası Azərbaycanla sıx əlaqələr qurmaq istəyindədir. Prezident İlham Əliyev ötən ilin fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib. Məhz bundan sonra iki dövlət arasında siyasi, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün imkanlar araşdırılıb. Səfirliyin açılmasından sonra bu istiqamətdə əlaqələr daha da fəallaşdırılıb.

Bu gün Azərbaycanın Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə aktiv əməkdaşlıq edir. Çox müsbət haıdır ki, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın sədrlik müddətinin uzadılmasına Konqo Respublikası da müsbət rəyini verib. Prezident İlham Əliyev bəyanatında bu məsələyə də toxunub: “Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq”.

Hazırda çoxtərəfli diplomatiyanın yeni növü yaranmaqdadır. Artıq diplomatiya mürəkkəb bir fenomenə çevrilib və keçmişdə, konkret olaraq bir-iki əsr əvvəl olduğu kimi deyildir. Beynəlxalq diplomatik münasibətləri tənzimləyən hüquq sistemi var. Çünki bu, diplomatik funksiyanın tələblərinin tələb etdiyi zərurətdən irəli gəlir. İndiki dövrdə buna ancaq diplomatiyanın həm ənənəvi, həm də müasir növlərinə yenidən baxmaq və fikir verməklə nail olmaq olar. 1961-ci ildə Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası ölkələr arasında diplomatik iş üçün prosedurları və nəzarəti müəyyən edən, diplomatik missiya üzvlərinin hüquq və vəzifələrini aydınlaşdıran beynəlxalq müqavilədir, həmçinin diplomatik toxunulmazlıq və əlaqələrin kəsilməsi kimi bir neçə anlayışı müəyyən edir.

Xatırladaq ki, bütün ölkələrin xalqları diplomatik nümayəndələr sistemini tanıyıb, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin bütün dövlətlərin suverenliyinin bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması ilə bağlı məqsəd və prinsiplərini bilirlər. Azərbaycanla Konqo arasında diplomatik, eləcə də iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Əminik ki, müxtəlif istiqamətlər üzrə münasibətlər ildən-ilə daha da inkişaf edəcək.

Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi,

Azərbaycan Respublikasının Əməkdar müəllimi