Aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
saat 12.34
Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.
Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və evdə meyitlərini aşkarlayıblar. Onların meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn və evdə meyitləri tapılan ər-arvadın dəm qazından boğularaq öldüyü ehtimal olunur. Yaxınları evin tüstü bacasının içində quşun yuva qurduğunu aşkarlayıblar. Tüstü bacası bağlı olduğu üçün qaz sobasından dəm qazı yarandığı və ər-arvadın zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.