Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.

Heftelik.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Lakin aprelin 10-u gündüz və 11-i gecə saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi aprelin 10-u axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Aprelin 11-i gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq. Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin aprelin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i günün ikinci yarısınadək arabir yağıntılı olacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.

Aprelin 11-si axşam yağıntılar tədricən kəsiləcək, 12-si əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 13-18, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq.

Eyni zamanda, qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında aprelin 11-də qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.