Yuxusuzluq

12 Aprel 2024, 20:36

Qəfildən yuxudan oyandım. Beynimdə qarışıq səslər, gözlərimin önündə cürbəcür fraqmentlər. Niyə oyandım ki, mən? Yuxum gəlirmi, yoxsa tamamilə oyağam? Bilmirəm hansı tərəfdəyəm. Yerimi bilmirəm. Havadayammı? Yatağımdayammı,  yoxsa haradasa uzaqlardayam? İçimdə öz-özümü araşdırıram. Kiməm? Bəlkə bir cinayətkaram, bəlkə bir məzlum. Ya bəlkə mən özünü yollarda itirmiş bir kimsəsizəm. Həmin vəziyyətdə bütün hisslərimi kənarlaşdırmaq, yuxuya getmək istəyirəm amma olmur. Telefonu çarpayının yanından götürüb baxıram. Parlaq ekran gözlərimi qamaşdırır. Beynimdə hər şey qarışıqdı. Reallığı dərk etməyə çalışıram.S aata baxıram 03:37-ni göstərir. Ekranda gözləmədə olan mesajlar, cürbəcür bildirişlər. Amma heç birini açmaq istəmirəm. Telefonu təkrar götürdüyüm yerə qoyuram. Bir neçə saniyəlik qaranlıqdakı parlaqlıq beynimi heç aydınlatmır.

Qaranlığı daha çox sevirmişəm kimi gəlir mənə. Hə, doğrudur, mən işıqda çaşbaş oluram. Qaranlıqda aydınlanır düşüncələrim. Elə bil susamışam. Belə hiss edirəm. Amma buna da tam əmin deyiləm. Ağzım qurumuş kimidir. Amma boğazım yanmır. Su qrafini lap yaxınlıqdadı. Üç, ya dörd addımlığımda. Amma mənə çox uzaq gəlir. Taqətim yoxdur ki, durub su içəm. Sanki əlçatmaz bir yerdəymiş kimi gəlir bu məsafə mənə. Bəlkə də heç susamamışam. Sadəcə bu aldadıcı bir hissdir. İçməsəm də olar bəlkə. Yox axı, içməsəm də təkrar yuxuya gedə bilməyəcəm. Sabah hökmən gərək suyu lap yaxınıma qoyam. Telefonu qoyduğum məsafəyə. İstəyən kimi götürəm. Görəsən elə qoysam suya toxunmaram ki?  Sonra da su tökülər yerə. Kim siləcək dağılmış suyu yerdən gecəyarısı?

Off !Yoruldum, yatmaq istəyirəm. Çətinliklə özümü məcbur edirəm və ayağa qalxıram gedib su içirəm. Su içəndən sonra bir inam gəlir ki, yəqin ehtiyacım olan bu imiş. İndi yuxuya gedəcəm. Amma yenə də o tərəf bu tərəfə eşələnirəm. Gözüm yumuludur, amma yuxu gəlmir.

Elə bil səs gəlir.Yoxsa küləkmi əsir? Uğultuya oxşamır amma. Külək əssə yenə hər yer toz olacaq. Görəsən açıqda qalmış ayaqqabılarımız toz olmaz ki? Yəqin ki olacaq. Necə bilim görəsən küləkdirmi, ya yox? Külək əsəndə həmişə uzaqdan pişiklərin səsi gəlir. Bəlkə üşüyürlər, sığınacaq axtarırlar. Amma indi səs gəlmir. Bəlkə külək yoxdur. Ya da bəlkə pişiklər daha burada sığınacaq tapa bilmir, başqa yerə gediblər. Ola bilər ki, daha bura gəlmirlər. Çoxdandır ki, səslərini eşitmirəm. Bəlkə də gecələr oyanmıram çoxdandır. Ya da bəlkə küləkli gecələrdə oyanmamışam. Neyləyim indi? Görəsən durub baxımmı külək varmı, yoxmu?

…Elə bil yuxu gəlir mənə. Beynim yuxuyla reallıq arasında tərəddüd edir. Hansına təslim olsun bilmir. Yox, durum gedim baxım, yoxsa yata bilməyəcəm. Çətinliklə yerimdən qalxıb gedirəm. Külək yox imiş. Amma hər ehtimala qarşı ayaqqabıları içəriyə qoyuram. Birdən sonra külək başlayar. Soyuq hava üzümü oxşayır, yarıçılpaq bədənim azca titrəyir və məmnunluq hiss edirəm. Qayıdıb gəlirəm. Vanna otağına girirəm. Əllərimi yuyuram, boynuma azca sulu əllərimlə toxunuram. Güzgüdə özümə baxıram. İşıqdan gözlərim bir az qamaşır.

Hə, yuxuluyam. Amma yata bilmirəm. İndi gedib rahat yatacam. Gəlirəm, yatağıma uzanıram. Bir az beynim aydınlanır yenidən. Görəsən sabah yenə eyni şeylərimi yaşayacam? Yenə eyni yollarımı gedəcəm? Ya da kimlərlə yolum kəsişəcək?

…Bir az da  onun haqqında düşünümmü? Yoxsa  istəmirəm? Amma sanki düşünməyə heç nəyim yoxmuş kimi hiss edirəm. Həyatım bu qədər boşdurmu? Yeknəsəkdirmi? Yox, niyə ki? Qayğılarım kifayət qədər çoxdu. Həyatım kifayət qədər doludur. Amma onların heç biri bu gecəyarısı ağlıma gəlmir. Məhz onun haqqında niyə düşünürəm? Yatmaq istəyirəm. Bu an bütün istəklərimin fövqündə yatmaq istəyidir. Axı mən yuxunu çox sevirdim. Hətta o qədər sevirdim ki, yuxudan oyananda təkrar yuxum gəlirdi. Səhər yeməyindən sonra məmnuniyyətlə yatardım lakin işə getməliyəm. Ya da günortalar yuxu heç nəylə müqayisə olunmayacaq qədər dəyərli olurdu. Yuxusuzluq bəlkə də sadəcə özümə etiraf etmək istəmədiyim hisslərimdi. Beyinlə duyğuların qapalı ziddiyyəti. Özümə axtardığım dərddir. Yuxusuzluqda düşünürəm mən. Gecənin səssizliyində özümlə baş başa. Özümlə səmimi oluram. Deyəsən yuxuya yox, yuxusuzluğa ehtiyacım var, özümü tapmaq üçün.

 

Aygün ADIGÖZƏLOVA

 

Aygün Aydın qızı Adıgözəlova 1984-cü ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Hazırda  Z. Abbasov adına Dəllər qəsəbə orta məktəbində  ingilis dili müəllimidir.

Dövri mətbuatda hekayələri ilə çıxış edir. “Düşüncələr” adlı esselər kitabnın müəllifidir.