Xeyriyyəçilik fəaliyyəti fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım) göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud Vergi Məcəlləsində digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, aşağıdakı hallarda kömək (yardım) göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır:
– bu cür köməyi (yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;
– bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;
– bu cür kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə seçki kompaniyasında iştirak etmək üçün göstərilirsə.
Xeyriyyə təşkilatı xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatıdır.