Abşeron rayonunda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan “Progress-2016” Mənzil Tikinti Kooperativi məhkəməyə verilib.
Heftelik.az-ın Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, iddiaçılar Səməndərov Tofiq Barat oğlu və Məcidova Vəfa Rafiq qızıdır.
Cavabdehlərdən biri də “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovdur.
İşə Abşeron Rayon Məhkəməsinin hakimi Məlahət Abbasovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2022-ci ildə qanunsuz mənzil satışı ilə məşğul olmağa görə “Progress-2016” MTK-nın direktoru, iş adamı Səməndərov Emil Tofiq oğlu həbs edilib. Elə həmin il Emil Səməndərov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bundan əvvəl “Şərurlu İsfəndiyar”ın adı lifti qırılan bina ilə gündəmə gəlmişdi. Bu ilin yanvarında Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 2980/81 ünvanındakı sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə relsdən çıxaraq sürətlə aşağı düşmüş, nəticədə 4 nəfər xəsarət almışdı. Həmin binanın liftinin qəzalı vəziyyətdə istismar olunması barədə şikayətlər yayılmışdı. Lifti qırılan bina “Şərur” MTK-nın balansında olub. “Şərur” MTK “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.
Ancaq liftin qırılmasından, şikayətlərdən sonra “Şərur” MTK və Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovla bağlı hansı addımların atılması barədə ictimaiyyətə hər hansı məlumat açıqlanmamışdı.