Transfer qiyməti əsas götürülməklə vergilərin necə hesablana biləcəyi açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Transfer qiyməti əsas götürülməklə vergilər aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlardan hesablana bilər:
– Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər, habelə həmin rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında;
– qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında;
– Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında;
– göstərilən hallar istisna olmaqla, Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə qeyri-rezident şəxslər arasında, bu şərtlə ki:
– şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya);
– Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.