İranda yerləşən obyekt İsrailin raket hücumuna məruz qalıb.

Heftelik.az xəbər verir ki, bu barədə “ABC” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

CNN-nin  yüksək rütbəli ABŞ rəsmisinə istinadən yaydığı məlumatda qeyd edilib ki, İsrail ABŞ-yə İranın nüvə obyektlərini hədəf almadığını bildirib. İranda baş verən partlayışlar həftə sonu İranın hücumlarına İsrailin cavabıdır.

Rəsmi əlavə edib ki, İsrailin zərbələri “məhdud” xarakter daşıyır və mülki və nüvə obyektlərini yox, İranın hərbi obyektlərini hədəf alıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın atom elektrik stansiyalarında heç bir ziyan müşahidə edilmədiyini və onlara heç bir hücum edilmədiyini açıqlayıb.

Agentlik İran və İsraili maksimum təmkin nümayiş etdirməyə çağırışını təkrarlayıb və vurğulayıb ki, hərbi münaqişələrdə AES-lər heç vaxt hədəfə alınmamalıdır.