Açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir.
Heftelik.az-ın məlumatına görə, bu, Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb.
Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
– sifarişçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
– sifarişçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
– reklam qurğusunun yerləşəcəyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu, yaxud “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2-ci maddəsinə uyğun olaraq, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
– reklam qurğusunun tikinti sxemi;
– tikinti işlərinin təsviri;
– reklam qurğusunun yerləşəcəyi (əgər qurğu daşınmaz əmlak üzərində yerləşdiriləcəksə) ərazinin rəngli fotosu və vəziyyət planı.