“Bank VTB Azərbaycan” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2024-cü ilin I rübündə “Bank VTB Azərbaycan”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.4% azalaraq 2 milyon 202 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 2 milyon 914 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 5.6% artaraq 7 milyon 178 min manat, faiz xərcləri isə 11.6% artaraq 1 milyon 979 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 2 milyon 701 min manata ( illik müqayisədə 90% çox), qeyri-faiz xərcləri isə 6 milyon 773 min manata ( illik müqayisədə 11.4% çox) bərabər olub.

Bu ilin ilk üç ayı ərzində “Bank VTB Azərbaycan” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.6% və ya 6.5 milyon manat azalaraq 243 milyon 399 min manata enib. Cari ilin ilk 3 ayında “Bank VTB Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 5.8% və ya 10.8 milyon manat artaraq 198 milyon manata bərabər olub.

Bu dövrdə “Bank VTB Azərbaycan”ın cəmi öhdəlikləri 150 milyon 47 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5.5% və ya 8.8 milyon manat azdır.

Cari ilin yanvar-mart ayları ərzində əhali 14 milyon manata yaxın depoziti “Bank VTB Azərbaycan”dan geri çərib. Belə ki, bankda fiziki şəxslərin depozitləri 21% və ya 13.8 milyon manat azalaraq 51 milyon 528 min manata, hüquqi şəxslərin depozitləri isə 15.4% və ya 3 milyon 711 min manat artaraq 27 milyon 756 min manata bərabər olub. Bankın ümumi depozit portfeli cari ilin ilk 3 ayında 11.3% və ya 10 milyon manat azalaraq 79 milyon 284 min manata enib.

2023-cü il aprel ayının 1-nə “Bank VTB Azərbaycan”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 6.6% və ya 2 milyon 297 min manat artaraq 93 milyon 352 min manat təşkil edib.