Xankəndi şəhərində 33 ildən sonra ilk körpə dünyaya gəlib.
Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəliyindən heftelik.az-a verilən məlumata görə, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. Belə ki, Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızının övladı dünyaya gəlib.
Rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Xankəndi şəhərində 33 ildən sonra ilk azərbaycanlı körpənin dünyaya göz açması qürurverici hadisə olmaqla yanaşı, bu torpaqlarda həyatın yenidən canlanmasının daha bir müjdəsidir.
Qeyd edilib ki, gənc ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil ayrılıb.