Aprelin 23-də ADA Universitetində 30 ölkədən 70-dək ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Prezident İlham Əliyev forumda iştirak edərək geniş məzmunlu çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər payızda keçirilməsi nəzərdə tutulan COP – Tərəflərin Konfransının tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış, ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaq əsas məqsəddir.
Əsas diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər tədbirin Azərbaycanda keçirilməsinin önəmindən danışaraq deyib: “COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin”.
COP29-un Azərbaycan üçün fürsət olacağını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq”.
Ölkəmizin iqtisadi uğurları barədə məlumat verən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərib. Prezident İlham Əliyev Azərbaycanın xarici borcunun çox aşağı – hətta hazırda ümumi daxili məhsulun 8 faizindən də az olduğunu diqqətə çatdırıb.
Regionda sülhün əldə olunması üçün atılan addımlardan danışan Prezident İlham Əliyev qeyd edib: “Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik”.
Dövlətimizin başçısı bu prosesdə COP29-un əla fürsət olduğunu vurğulayıb. Bildirib ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlığa yol açacaq.
Bölgədə sabitliyin pozulması cəhdlərinə də toxunan dövlətimizin başçısı vurğulayıb: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nəyi isə sübuta yetirsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistanın qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o cümlədən Qazaxın dörd kəndinin dinc yolla qaytarılması sülh üçün yaxşı imkan yaradır. Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Ermənistan da sülh üçün iradə nümayiş etdirmələri, üçüncü qüvvələrin diqtəsi ilə hərəkət etməməlidir.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü