Moskvada 2012-ci ildə qətl törədən azərbaycanlıya hökm oxunub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb. Bildirilib ki, İdarənin Cənub İnzibati Dairəsi üzrə İstintaq Şöbəsi tərəfindən toplanmış sübutlar məhkəmə tərəfindən 36 yaşlı azərbaycanlıya hökm çıxarmaq üçün yetərli kimi tanınıb.
Azərbaycanlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi ilə (qabaqcadan bir qrup şəxs tərəfindən ümumi təhlükəli şəkildə törədilmiş qətl) ittiham olunub.
İstintaq və məhkəmə müəyyən edib ki, 2012-ci il sentyabrın 26-da qabaqcadan əlbir olan şəxslər Moskvanın Krasnıy Mayak küçəsində yerləşən kafeyə gedərəkk orada düşmənçilik münasibətləri zəminində 27 yaşlı gəncə tapançadan atəş açıblar. Bundan sonra onlar hadisə yerindən qaçıblar. Zərərçəkmiş aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. İstintaq müəyyən edib ki, azərbaycanlı əvvəllər xüsusilə ağır cinayətlər törətdiyinə görə məhkum olunub.
Moskva Şəhər Məhkəməsinin hökmü ilə azərbaycanlı cəzasını ciddi rejimli koloniyada çəkməklə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə qətldə iştirak edənlər barəsində də cinayət işi açılaraq ayrı-ayrı icraatlara verilib, həmin şəxslərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.