İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Aşağıdakılar şahid qismində çağırıla və dindirilə bilməzlər:
– azyaşlı olduqlarına, fiziki və psixi pozuntularına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər;
– müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər;
– cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər;
– cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi;
– “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər.