Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək;
Prezident İlham Əliyevin bəyanatı
– Hörmətli Sadır Nurqojoyeviç.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Bu gün Azərbaycanda dövlət səfərində olan əziz dostumuz və qardaşımız Sadır Nurqojoyeviç Japarovu salamlamağa şadıq. Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək.
İndicə münasibətlərimizin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədləri imzaladıq. Onların hər biri böyük əhəmiyyətə malikdir. Sadır Nurqojoyeviç ilə imzaladığımız Birgə Bəyannaməni xüsusi qeyd etmək istərdim.
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik, Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.
Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Məni qardaş həmkarlarım dəvət etmişdilər. Elə bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin xarici siyasət idarələrinin başçılarının nazirlər səviyyəsində görüşünə dəvət olunmuşdu. Bütün bunlar təbiidir, çünki Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.
Çox şadam ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artmasına dair bu gün rəqəmlər səsləndirildi. Baxmayaraq ki, mütləq rəqəmlər hələ çox böyük deyil. Amma potensialın artması tendensiyası mövcuddur. Bu gün, həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandı. Biz Nizamnamə fondunu 4 dəfə – 25 milyon dollardan 100 milyon dollara qədər artırdıq. Başlıca səbəb odur ki, çoxlu müraciət var. Bizə məruzə edildi ki, Qırğızıstanda investisiya layihələrinin həyata keçirilməsi üçün fonda 40-dan çox müraciət daxil olub. Ona görə də düşünürəm ki, 100 milyon dollar da son hədd deyil. Biz müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdik.
Amma bu, ticarət dövriyyəsinin artırılması üçün yeganə mexanizm deyil. Bizim investisiya siyasəti üzrə başqa formalarımız da var. Bu gün məruzə olunduğu kimi, artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb, bizə söz verildiyi kimi, o, növbəti ilin sonunda hazır olacaq.
Mən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq, məktəbin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.
Bu gün biz, həmçinin energetika, nəqliyyat sahələrini geniş müzakirə etdik. Burada da potensial görürük. Biz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıyıq. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Əlbəttə, artıq indi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlamaq lazımdır. Biz Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli etməliyik.
İkitərəfli əməkdaşlıq formatından çox danışmaq olar. Əlbəttə, bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsini xatırlamamaq olmaz. Bu gün həmkarımla qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışında iştirak edəcəyik. Bu, onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzidir.
Biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Deməliyəm ki, bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.
Hörmətli Sadır Nurqojoyeviç, bir daha xoş gəlmisiniz. Sizə, Qırğızıstandan gələn bütün dostlarımıza Azərbaycanda xoş vaxt keçirməyi arzulayıram.
Sağ olun.
Qırğızıstan və Azərbaycan arasında ticarət əlaqələri son illərdə inkişaf etmişdir. Bu iki ölkə arasında əsasən qıymətli metallar, kimyəvi maddələr, meyvə-tərəvəzlər və tekstil məhsulları kimi məhsulların ticarəti aparılır. Fikrimcə iki ölkə arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün səylər davam etməlidir.
Lalə Cəfərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti