Həftəlik.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin və “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrinin rəhbərləri, tibb işçiləri və ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Azərbaycanın tanınmış simalarından olan tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı həyat yolundan, təkrarolunmaz elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edərək vurğulayıb ki, tibb tariximizdə silinməz iz qoymuş,zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermiş Zərifə xanım Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırmışdır. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin və mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və ölkə üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Şəhər rəhbəri həmçinin, həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyevanın respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etdiyini, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdırılmasında xüsusi rolu olduğunu bildirmişdir. Zərifə xanım Əliyevanın çoxşaxəli elmi fəaliyyətinin ölkəmizdə hər zaman yüksək qiymətləndirildiyini qeyd etmişdir. Belə ki, apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri, yorulmaz elmi fəaliyyətinin nəticəsi olaraq Zərifə xanım Əliyeva “Əməkdar elm xadimi” adına, “Qırmızı Əmək Bayrağı ordeni”nə və oftalmologiya aləmində ən yüksək akademik Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır. Zərifə xanım Əliyev fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Azərbaycanda traxoma xəstəliyinin ləğvi Zərifə xanım Əliyevanın yorulmaz əməyinin nəticəsində mümkün olub.
Şəhər İcra Hakimiyyətinin Başçısı xüsusilə vurğulayıb ki, Zərifə xanım Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla əsil Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmiş, ən başlıcası isə Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırmış qətiyyətli sərkərdə, Müzəffər Ali Baş Komandan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevi xalqımıza bəxş edib.
Tədbirdə çıxış edən Mili Məclisin deputatı İlham Məmmədov, Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Fazil İsmayılov akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, bu sahədəki tədqiqatlarından, keçdiyi şərəfli ömür yolundan, sədaqətli həyat yoldaşı və qayğıkeş, ölkəmizin sürətli inkişafını təmin edən, zəfərlərdən-zəfərlərə aparan oğul yetişdirən ana olmasından danışılıb, Onun mənalı ömrünün, parlaq fəaliyyətinin, elmi irsinin indiki və gələcək nəsillərəhər zaman örnək olacağı bildiriblər.
Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasının musiqiçilərinin ifasında musiqi nömrələri ifa edilib.