Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına təkan verəcək

Azərbaycanla Qırğızıstan arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Orta Asiyanın bu dövləti ilə Azərbaycan arasında münasibətlər əsasən XX əsrin əvvəllərindən inkişaf etməyə başlayıb. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Aprelin 24-25 tarixlərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına təkan verəcək. Bunu Prezident İlham Əliyevlə Prezident Sadır Japarovun keçirdikləri məhdud və geniş tərkibdə görüşlərdən, imzalanan sənədlərdən daha aydın görmək olur. Prezident İlham Əliyev 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirib ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir: “Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək”. İki dövlət arasında bütün sahələrdə praktiki əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu, ondan irəli gəlir ki, Azərbaycan və Qırğızıstanın münasibətləri möhkəm bünövrə üzərində qurulub və strateji tərəfdaşlığa əsaslanır. Prezidentlərin görüşlərdə əməkdaşlığın bir çox mühüm məsələlərini müzakirə etmələri perspektiv əməkdaşlığın daha da güclənəcəyinə əsas verir. Əlbəttə ki, Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirələrin davam etdirilməsi bu fəaliyyəti daha da sürətləndirəcək.

Bu gün qeyd etmək lazımdır ki, Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Xatırladaq ki, repressiyanın ilk zamanları ağır iş şəraiti, aclıq və soyuq hava şəraitinə dözməyən yüzlərlə soydaşımız vəfat edirdi. Yerli əhalinin dəstəyi və yerli şəraitə çətinliklə  adaptasiya olmaları azərbaycanlıların tamamilə  məhvinin qarşısını alıb.

II Dünya müharibəsindən sonra Qırğızıstan azərbaycanlıları onlara qarşı olan sərt qanunlara baxmayaraq, elm və təhsil almaq üçün ölkənin ali məktəblərinə daxil olurdular. Bunun sayəsində Qırğızıstanda Azərbaycan diasporunun ziyalı təbəqəsi yarandı. Müəllim, zootexnik-veteranlar, mühəndis, həkim və digər peşələr üzrə təhsil alan soydaşlarımız öz sahələri üzrə burada tanınmış şəxslər olublar.

Zamanla Qırğızıstanda yaşayan soydaşlarımızın ölkə ictimai-siyasi, mədəni həyatında da rolu artmağa başlayıb. Onlar partiyalarda təmsil olunur, parlament seçkilərinə qatılırlar. Bişkek başda olmaqla digər şəhərlərə köçməyə başlayan soydaşlarımız öz milli adət-ənənələrini qoruyub saxlamaqla onu  təbliğ etməyə başlayıblar. Rus, qırğız və digər xalqlardan olan  qızlarla nikaha girən azərbaycanlılar öz övladlarını həm qırğız, həm də azərbaycanlı milli ruhunda böyütməyə çalışıblar. Burada öz milli bayramların daim təmtəraqla qeyd edən azərbaycanlılar milli mətbəximizi qırğızlara uğurla təbliğ edirlər. Qırğızıstanın dövlət idarəçilik orqanlarında da çalışan soydaşlarımız öz yerlilərinə köməklik göstərməyə çalışırlar. Onların arasında Qırğızıstan Xalqları Assambleyası nəzdində “AZƏRİ” İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas, I dərəcəli Ədliyyə müşaviri Əzizağa Əliyev, Əməkdar mühəndis Əsəd Həsənov, Əməkdar nəqliyyatçı Tahar Quliyev, Əməkdar həkim Mirkazım Bəşirov, “AZƏRİ” İctimai Birliyi sədrinin müavini Sultan Qasımov, Əməkdar nəqliyyat işçisi Əli İsgəndərov, polis polkovniki Qiyas Xəlilov və s. var.

Azərbaycanda da qırğız ictimai xadimləri sevilir. 2008-ci il böyük mütəfəkkir və yazıçı Çingiz Aytmatovun Azərbaycanın ən yüksək mükafatı, “Dostluq” ordeni  ilə təltif olunub. Bu mükafat Prezident İlham Əliyev tərəfindən Ç.Aytımatova  təqdim edilib. Yeri gəlmişkən, 24 aprel tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdəki çıxışında deyib ki, bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür: “Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünya şöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur”. İki ölkə arasındakı əlaqələr dostluq xarakteri daşıyır. Qırğız Respublikasının  Prezidenti Sadır Japarovun işğaldan azad olunan ərazilərə səfəri, həmçinin bu qardaş dövlət tərəfindən Ağdamda orta məktəbin tikilməsi dostluq münasibətlərinin əyani göstəricisidir.

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun

PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri