Bu gün Qırğızıstan rəsmiləri tərəfindən azərbaycanlıların bu ölkədəki fəaliyyəti yüksək qiymətləndirilir
Azərbaycanla Qırğızıstan iki coğrafi ərazidə olmasına baxmayaraq, böyük türk dünyasının aid olan ölkələr arasında uzun tarixi əlaqələri var. Hətta 1924-cü ildə qırğız xalqının görkəmli oğulları K. Tınıstanova, İ. Arabaeva, O. Bolobalaeva və s. nümayəndə heyəti Şərqdə Türkdilli xalqların ilk Qurultayında iştirak ediblər. Öz növbəsində, vaxtilə Azərbaycanın görkəmli oğul və qızları Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, Sara Qədimova dəfələrlə Qırğızıstanda səfərdə olublar. Müasir dövrdə isə Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. 1995-ci ildə isə Heydər Əliyev Qırğızıstana səfər edib. Qrğız xalqının milli eposu “Manas”ın minilliyi ilə bağlı keçirlən tədbirdə işrtirak etmək üçün Ulu Öndər Heydər Əliyevin başçılıq etdiyi böyük nümayəndə heyəti Qırğızıstana gedib. Heydər Əliyev üç gün bu dağlıq regionda olub və insanlarla görüşüb, eləcə də əfsanəvi Manas adı ilə bağlı bütün tarixi yerləri gəzib. Bu da iki türkdilli xalqlar arasında qardaşlıq və dostluğun gücləndirilməsinə dəlalət edir. Qırğızlar bunu xatırlayır və Azərbaycan xalqının bu görkəmli oğlunun xatirəsini həmişə əziz tutur.
Azərbaycan və Qırğızıstan Prezidentlərinin qarşılıqlı səfərləri davam edir. Aprelin 24-də daha bir rəsmi səfəri Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəmizə edib. Prezident İlham Əliyev bu səfər ilə əlaqədar mətbuata verdiyi bəyanatda hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənənin formalaşdığını deyib. “Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir”, – deyə dövlətimizin başçısı əlavə edib. Səfər çərçivəsində keçirilən görüşlərdə və imzalanan sənədlər razılaşdırılıb ki, qısa müddət ərzində ölkələrimiz arasında ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlıq daha da güclənəcək. Daha sonra, əlbəttə, bu əlaqələr yeni və daha yüksək səviyyəyə çatacaq. Əlbəttə ki, bu əlaqələrin inkişaf etməsi Qırğızıstandakı diasporumuzun da fəaliyyətinə öz müsbət təsirini göstərəcək.
Xatırladaq ki, repressiya illərində azərbaycanlılar Qırğızıstana köçürülərkən qırğızıstanlılar onlara çörək, geyim və sığınacaq üçün otaq verib kömək ediblər. Bu yardım o ağır illərdə həmin insanların həyatını xilas edib. Hazırda Qırğızıstanda Azərbaycan diasporunun ictimai birlikləri azlıq təşkil etsə də, ətrafında burada yaşayan soydaşlarımızın müəyyən hisəsini birləşdiriblər. Bu baxımdan “Azəri” İctimai Birliyi daha çox öz aktivliyi ilə seçilir. Diasporla İş üzrə Dövlət Komitəsi “Azəri” təşkilatı ilə də sıx əlaqədədir, daim onları diqqət mərkəzində saxlayır. “Azəri” təşkilatının nəzdində Azərbaycan məktəbi, ansamblı fəaliyyət göstərir, milli-mənəvi, mədəni, dini dəyərlərimiz qorunub saxlanılır.
Qırğızıstandakı soydaşlarımız ölkənin ictimai-siyasi işlərində, biznes sahəsində, fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Bu gün Qırğızıstan rəsmiləri tərəfindən azərbaycanlıların bu ölkədəki fəaliyyəti yüksək qiymətləndirilir.
Diasporumuz tərəfindən Qırğızıstandakı universitetlərə əyani vəsait kimi Azərbaycanla bağlı, habelə erməni terrorçuların Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı əks etdirən və H.Əliyev Fondu tərəfindən buraxılmış kitablar təqdim edilir. Diasporumzun nəşr etdiyi kitablar Qırğızıstanın dövlət qurumlarına da paylanılır. Yeri gəlmişkən, oradakı diasporumuz “Ermənilərin Azərbaycan torpağında törətdiyi vəhşiliklər tarixi faktlarla” kitab nəşr etdirib. Bu kitaba görə Ermənistan Qırğızıstana etiraz notası göndərib. Ümumiyyətlə, Qırğızıstanda Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını təbliğ edən 40-dan çox kitab qırğız, ingilis və rus dillərinə tərcümə edilərək işıq üzü görüb. Həmin kitablar Qazaxıstanda və bütün Orta Asiya ölkələrində pulsuz yayılıb. Həmçinin Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildli də çap olunaraq yayılıb. Həmin kitablar Qırğızıstanda iki dövlət mükafatına layiq görülüb. Bunlardan əlavə, “Müasir Azərbaycanın qurucusu, yaradıcısı və xilaskarı”, “Dünya siyasətinin zirvəsini fəth edənlər”, “Prezident İlham Əliyev” (1000 səhifəlik) və digər kitablar bir neçə dildə nəşr edilərək Qırğızıstanın dövlət qurumları, parlamenti, ali və orta məktəbləri, kitabxanaları arasında yayılıb.
Azərbaycan Qırğızıstanla münasibətlərə çox böyük önəm verir. İnanırıq ki, xalqlarımız arasında dostluq və qarşılıqlı yardım əlaqələri Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfərindən sonra daha da gücləndiriləcək.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi