Prezident İlham Əliyev: “COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir”
Bu gün dünya miqyasında ekoloji problemlər müşahidə olunmaqdadır. Artıq bu qlobal problemlərin faciəvi fəsadları özünü göstərməkdədir. Dövlətlər bunun aradan qaldırılması üçün öz potensiallarını ortaya qoymalı və həyəcan siqnalı çalmalıdırlar. Dünyada qəbul olunmuş prinsiplər var. Beynəlxalq miqyasda həmrəylik nümayiş olunmalıdır. Hər bir ölkə qlobal məsuliyyət hiss etməlidir. Bu baxımdan Azərbaycan da özünü bəşəri və sivil dünyanın bir hissəsi hesab edir. Elə buna görə də keçən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması dünya dövlətləri tərəfindən çox böyük sevinclə qarşılanıb. Prezident İlham Əliyev 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bu məqamlara da toxunub: “COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir”. Bu, Azərbaycanın trenddən geri qalmamasının bariz nümunəsidir. COP29-ın Azərbaycanın dünya siyasətinə əsaslı təsir imkanlarına malik olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq qurumlarda mövqelərinin gücləndirilməsinə müsbət təsiri olacaq. Cənab Prezident çıxışında COP29-ın əhəmiyyətini belə izah edib: “Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər”. Dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərin aradan qaldırılması istiqamətində də Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlığı müsbət effekt verir. Xüsusən yaşıl iqtisadiyyatın yaranması, bu istiqamət üzrə yeni bacarıq və biliklər haqqında Azərbaycan təcrübəsi digər dövlətlər üçün maraqlıdır Azərbaycanda yaşıl iqtisadiyyat davamlı olaraq inkişaf edir. Cəmiyyət ekoloji problemləri həll etməyə və daha davamlı təcrübələrə keçid etməyə çalışır. Təsadüfi deyildir ki, bu il Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” elan olunub. “Yaşıl Dünya naminə Həmrəylik İli” dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsirini gücləndirəcəyinə əminik. Bütün bunlarla yanaşı, Azərbaycan yaşıl enerji ilə bağlı beynəlxalq əməkdaşlığını genişləndirir. Bu baxımdan dövlətimizin başçısı deyib ki, İtaliya bizim ən yaxın tərəfdaşlarımızdan və dostlarımızdan biridir: “Avropa İttifaqında nəinki yaxşı və etibarlı tərəfdaşdır, bizim çox fəal siyasi əlaqələrimiz var. Mənim İtaliyaya səfərlərim və İtaliya Prezidentinin Azərbaycana səfəri tərəfdaşlığımızın gözəl nümunəsidir. Bu gün İtaliya Qarabağda və Şərqi Zəngəzurda fəaliyyət göstərən aparıcı ölkələrdən biridir. Yaşıl enerji ilə bağlı biz İtaliya şirkətləri ilə işləməkdən məmnun olacağıq”.
COP29 kimi beynəlxalq tədbirlərin keçirilməsi hər bir dövlətin üzərinə çox böyük məsuliyyət qoyur. Azərbaycanda bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirilib və təşkilatçılıq baxımından artıq Azərbaycan əhəmiyyətli təcrübəyə malikdir. COP29 da Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında əhəmiyyətli rolu olacaq. Bu tədbirlə dövlətimiz sülhsevər ölkə olduğunu bir daha dünyaya göstərəcək. Çünki Prezident İlham Əliyevin dediyi kimi COP29 sülh prosesinin nəticəsidir: “Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir”.
İnanırıq ki, COP29 da Azərbaycan dövləti tərəfindən böyük müvəffəqiyyətlə keçiriləcək. Artıq ötən ilin noyabrından COP29 dünya mediasının gündəmindədir. Bu tədbir haqqında xarici mediada yazıların verilməsi, eyni zamanda dövlətimizin də təbliğatına xidmət edir. Bununla yanaşı, artıq müxtəlif ölkələrin ətraf mühit və media ilə bağlı qurumları COP29-a dəstək bəyanatları yayırlar.
Azərbaycan tərəfindən irəli sürülmüş yeni təşəbbüslər tərəfdaş ölkələr tərəfindən qəbul olunub və icra edilməkdədir. Bu da Azərbaycanın növbəti onilliklər ərzində uğurlu və sürətli inkişafını təmin edəcəyinə əsas verir.
Səyavuş Qasımov
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent