ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüş zamanı komissiyalar delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR – Qazax rayonu), Voskepar (ER) – Aşağı Əskipara (AR – Qazax rayonu), Kirants (ER) – Xeyrımlı (AR – Qazax rayonu) və Berkaber (ER) – Qızılhacılı (AR – Qazax rayonu) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir.