Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Digər tərəfdən, Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir. Qərb dövlətlərinin özünün müsbət beynəlxalq imicini formalaşdırmış Azərbaycanla əməkdaşlığa olan yüksək marağı, eləcə də, ölkəmizin milli siyasi və iqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına inteqrasiyası davam etməkdədir. Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avropanın lokomotiv aktorları kimi çıxış edən dövlətlərlə əməkdaşlıq təşkil edir. Bu kontekstdə Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir.
Ümumiyyətlə, Azərbaycanla Almaniya arasındakı münasibətlərin mütəmadi inkişaf dinamikasına malik olmasını özündə əks etdirən başlıca göstəricilər məhz tərəflər arasındakı əlaqələrin ötən zaman kəsiyindəki dinamikasıdır.
Emin Hüseynov,
Nəsimi rayon sakini