Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi mayın 2-də olacaq.
Heftelik.az-ın məlumatına görə, hadisə 2023-cü il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində “Ləhiş bağları” ərazisində baş verib.
Təqsirləndirilən şəxslər – Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev 69 yaşlı Kamran Bəkirovu əvvəlcədən guya kimisə işə düzəldəcəyi adı ilə aldadıb Maştağa qəsəbəsinə çağırıb və avtomobil əyləşdiriblər. Daha sonra Mustafa Zeynalov əvvəlcədən silah kimi aldığı şampan şüşəsi ilə onun baş nayihəsinə iki zərbə endirib, Kamran Bəkirov zərbənin təsirindən huşunu itirdikdən sonra onu qətlə yetirib. Sonra onlar cinayəti gizlətmək məqsədi ilə meyitin sinəsinə ağır dəmir parçası bağlayaraq su quyusuna atıblar. Daha sonra onlar 285 min manatı götürərək hadisə yerindən qaçıblar.
Kamran Bəkirov rəssam-modelyer Elnarə Bəkirovanın atası olub.
Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.
Xatırladaq ki, Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Sonradan təqaüdə çıxana qədər “Kontakt Home”-də hüquqşünas kimi bu sahə üzrə yüksək vəzifədə işləyib.
Namiq Əliyev isə bankda şöbə rəhbəri çalışıb, dəfələrlə dövlət qurumlarına fərdi layihələr verib.
Qeyd edək ki, Mustafa Zeynalov “Kontakt Home”-nin sahibi kimi daha çox tanınan, hazırda deputat olan Elnur Allahverdiyevin dayısıdır. Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.
Aydın olur ki, Elnur Allahverdiyev rüşvət aldığına görə 5 il həbs həyatı yaşamış dayısına şirkətində mühüm vəzifə etibar edib və uzun illər şirkətin hüquqi məsələlərinə məsul olub…