Aprel ayında havanın temperaturu iqlim normasından 12 dərəcə yuxarı olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib ki, may ayında da bəzi yerlərdə havanın temperaturunun iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Bu isə yay fəslinin bu il əvvəlki illərlə müqayisədə daha isti keçəcəyinə dair ehtimalların yaranmasına səbəb olub.
Heftelik.az-ın məlumatına görə, Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov məsələ ilə bağlı APA-ya açıqlamasında bildirib ki, keçən il Ümumdünya Meteorologiya Təşkilatı və bir sıra beynəlxalq proqnoz mərkəzləri “El Nino” effektinin aktivləşməsi ilə əlaqədar 2024-cü ildə havanın qlobal temperaturunun daha 0.1-0.2 dərəcə artacağını bildirmişdilər:
“Hazırda havanın qlobal temperaturu sənayeləşmədən əvvəlki dövrə nisbətən 1.1-1.2 dərəcə çoxdur. Yəni 2024-cü ildə “El-Nino” effektinin təsiri altında bu göstərici təxminən 1.4-1.5 dərəcəyə çata bilər. BMT-nin İqlim Dəyişmələri üzrə hökumətlərarası qrupunun qənaətinə görə, əgər bu baş verərsə, qlobal istiləşmənin neqativ ekoloji, sosial və iqtisadi nəticələri daha da kəskin xarakter ala bilər”.
Səid Səfərov deyib ki, qlobal istiləşməyə yalnız atmosferdə “parnik” qazlarının miqdarının artması deyil, həm də dünya okeanında baş verən termohidrodinamiki proseslər də təsir edir:
“Ekvatorial Sakit okeanda periodik olaraq baş verən “El-Nino” və “La Nino” hadisələri buna misal ola bilər. Belə ki, “El Nino” hadisəsi baş verərkən Günəş radiasiyası nəticəsində qızmış isti səth suları Sakit Okeanın mərkəzi hissələrindən Cənubi Amerika sahillərinə tərəf hərəkət edir. Bununla əlaqədar olaraq, gətirilən istilik materiklərə yayılaraq qlobal hava dövranında nəzərəçarpacaq dəyişikliklərə səbəb olur. Bundan başqa, “El Nino” hadisəsi zamanı ekvatorial zonada şiddətli yağıntılara (bəzi yerlərdə illik yağıntıların miqdarı 12000 mm-ə çatır) səbəb olan passat küləkləri rejimi də kəskin dəyişikliyə məruz qalır. Bunun nəticəsində həmin ərazilərdə yağıntılar kəskin azalmaqla, dünyanın digər ərazilərində, o cümlədən Azərbaycanda və Xəzər dənizi hövzəsində şiddətli leysan və daşqınlara, digər yerlərdə isə quraqlıqlara səbəb olur”.
Qlobal istiləşmə fonunda ölkəmizdə havanın temperaturunun necə olacağı barədə danışan həmsöhbətimiz bildirib ki, indidən yay üçün dəqiq proqnoz vermək bir qədər çətindir:
“Çünki uzunmüddətli proqnozların özünü doğrultması hələlik çox da yüksək deyil. Lakin hesab edirəm ki, “El-Nino”nun aktivləşməsi ilə əlaqədar, istənilən halda regionda temperaturun artma tendensiyası davam edəcək”.
Səid Səfərov qeyd edib ki, atmosferdə “parnik” qazlarının, o cümlədən karbon qazının miqdarının artması havanın temperaturunun ümumən artmasına səbəb olsa da, bu prosesə qismən də olsa, dünya okeanında baş verən və digər təbiət hadisələri də müəyyən qədər təsir edir:
“Yəni bu təsirlər havanın temperaturunu müəyyən qədər azalda və ya artıra bilər. Məsələn, vulkan püskürmələrinin artması qlobal istiləşməni müəyyən qədər səngidə bilər. Çünki bu halda atmosferə atılan toz hissələri, aerozollar Günəşdən gələn istilik şüalanmasının bir hissəsini geri qaytarır. 1991-1993-cü ildə bunun nəticəsində havanın temperaturu, təxminən 2-3 dərəcə aşağı düşmüşdü. Yuxarıda qeyd etdiyimiz kimi, dünya okeanında baş verən “El Nino”, “La Nino” prosesləri də qlobal iqlim dəyişmələrinə müəyyən qədər və müəyyən dövr üçün təsir edən hadisələrdir”.