Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Gəncədən Bakıya” layihəsi çərçivəsində növbəti konsert Azərbaycanın aparıcı muzeylərindən olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan sənətşünaslıq elmləri doktoru, muzeyin direktoru Alla Bayramova qonaqları salamlayaraq Gəncə Dövlət Filarmoniyasının solistlərinin muzeydə ilk dəfə qonaq olduqlarını bildirib.
Konsert zamanı Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Vasif Bayramov, Rüstəm Cəfərov, Tural Abdullayev, gənc vokalçılar Fidan Məmmədzadə, Qaya Nəsibzadənin ifasında Asəf Zeynallının “Ölkəm” romansı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin, “Koroğlu” operasından Həsən xanın, Müslüm Maqomayevin “Nərgiz” operasından Nərgizin, “Şah İsmayıl” operasından Aslan şahın, Fikrət Əmirovun “Sevil” operasından Balaşın mahnısı, “Ulduz” romansı, Niyazinin “Arzu” romansı, Kristof Qlük “Aria”, Ernesto de Kurtis “Sorentoya qayıt”, Cakomo Puççini “La Bohema” operasından Müzettanın valsı, Ernesto de Kurtis “Məni unutma” səsləndirilib.
“Gəncədən Bakıya” layihəsi çərçivəsində iki gün ərzində keçirilən konsert proqramları paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.