Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan, Əsasnamənin tələblərinə cavab verən şəxslər tərəfindən müsabiqədə iştirak etmək üçün bu Qaydalarla müəyyən edilmiş formada (elektron və ya kağız daşıyıcılar vasitəsilə) müraciət oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.
İmtahandan müvəffəqiyyətlə çıxanlar və söhbətdə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim edirlər:
– tərcümeyi-hal;
– müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmaqla);
– şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
– əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
– sağlamlıq barədə Xidmətin Tibb müəssisəsinin arayışı;
– hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumundan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa və ya azad edilmişdirsə müvafiq təsdiqedici sənəd;
– 3×4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
Müsahibədə iştirak etmək istəyənlər qeyd olunan sənədlərlə yanaşı vahid forma üzrə ərizəni (2 nömrəli əlavə) təqdim etməlidirlər.