Azərbaycan cəmiyyəti əsrlər boyu öz mühüm dəyərlərini qoruyub saxlamışdır. Bu dəyərlər tolerantlıq, dostluq, qarşılıqlı hörmətdir. Azərbaycanın mədəniyyətlərin qovuşduğu yer olmasına coğrafi mövqeyimiz, Şərqlə Qərb arasında yerləşməyimiz imkan yaradıb. Azərbaycanda müxtəlif etnik qruplar və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. “Bakı Prosesi”nin tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib. “Bakı Prosesi”nin özəyi daha parlaq gələcəyə yol açmaq, bütün çağırışlar qarşısında bizim bir araya gəlmək, parçalanmanı dəf etməkdir. Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.

 

Ülviyyə Mürsəliyeva                       

Azərbaycan Dövlət Pedaqoji Universiteti