Notariat hərəkətinin qeydiyyatı üçün kağız daşıyıcıda olan reyestrin tərtib edilməsinin hansı qaydada həyata keçirildiyi müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notariat hərəkətinin qeydiyyatı üçün kağız daşıyıcıda olan reyestrin tərtib edilməsi aşağıdakı qaydada həyata keçirilir:

– 1-ci qrafada ilin əvvəlindən başlayaraq notariat hərəkətinin nömrəsi yazılır. Notariat hərəkətinin reyestrdə qeyd edildiyi nömrə sənədin təsdiq qeydində göstərilir;

– 2-ci qrafada notariat hərəkətinin aparıldığı tarix göstərilir, bu tarix təsdiq qeydində və notariat sənədində göstərilən tarixlə eyni olmalıdır;

– 3-cü qrafada barəsində notariat hərəkəti aparılmış hüquqi şəxsin adı və ya fiziki şəxslərin, yaxud onların nümayəndələrinin soyadı, adı, atasının adı və yaşadığı yer, müstəqil imza edə bilməyənin əvəzinə imza edən şəxsin, eləcə də tərcüməçinin soyadı, adı, atasının adı qeyd edilir. Sənədin surətinin düzgünlüyünün təsdiq edilməsi üçün sənədin məxsus olduğu şəxsin xahişi ilə digər şəxs müraciət etdikdə, həmin şəxsin soyadı, adı, atasının adı və ünvanı yazılmalıdır;

– 4-cü qrafada notariat hərəkətinin aparılması üçün müraciət edənin şəxsiyyətinin müəyyən edilməsi üçün təqdim edilən şəxsiyyət vəsiqəsi və ya digər sənədin seriyası, nömrəsi, sənədi verən orqan və verilmə tarixi, şəxsin doğum tarixi göstərilir;

– 5-ci qrafada nüsxəsi notariat ofisində saxlanılmayan sənədin adı, qısa məzmunu, sənədin məxsus olduğu fiziki və hüquqi şəxs barədə yazılmalıdır. Məsələn, “…..məxsus doğum haqqında şəhadətnamədən surət ….. tarixdə, …… nömrə ilə ….. verilmişdir.”, yaxud “diplomdan 2 surət. ….. tarixdə, ….. nömrə ilə ….. verilmişdir.”.

– Əgər bir sənədin bir neçə surəti təsdiq edilərsə nüsxələrin, təsdiq olunan surət bir neçə səhifədən ibarət olduqda isə səhifələrin sayı göstərilməlidir.  Əqdlər təsdiq edilərkən, onun nüsxəsi notariat ofisində saxlanıldığı üçün 5-ci qrafada əqdin növü göstərilir. Məsələn, “Evin alqı-satqısına dair müqavilə”, “Vəsiyyətnamə”.

– Verilmiş şəhadətnamələr də bu qaydada yazılır (qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, şəxsin sağ olması faktının təsdiq edilməsi və s. haqqında şəhadətnamələr).

– 6-cı qrafada dövlət notariuslarının tutduğu dövlət rüsumu və haqqın məbləği ayrılıqda, azadolmaların əsası, xüsusi notariuslar tərəfindən tutulan haqlar isə bütövlükdə göstərilir. Əgər dövlət rüsumu və haqlar qaytarılarsa, bu barədə də qeyd müvafiq qrafada aparılır.

– 7-ci qrafada notariat hərəkətinin aparılmasında iştirak edən şəxslər yazı xətti ilə soyadını, adını və atasının adını yazdıqdan sonra imzalamalıdırlar.

– “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət elektron imza əsasında həyata keçirildiyindən, bu müraciətlər üzrə 7-ci qrafada “elektron imzası məlumdur“ məzmununda qeyd aparılır.